- Nəşr edilib 07.07.2023 00:31
- Çap

BDU-nun Qazax Filialında Əməkdar elm xadimi Vüsət Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib
Bakı Dövlət Universitetinin Qazax Filialında Əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib. Filailın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr, Vüsət Əfəndiyevin ailə üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə V.Əfəndiyevin filialın foyesində qoyulmuş xatirə şəklinə baxaraq xatirəsini anıblar. Sonra mərasim öz işinə başlayıb. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək bildirib ki, görkəmli alim əmək fəaliyyətinə 1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi kimi başlamışdır. 1979–1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin "SSRİ-nin iqtisadi coğrafiya" kafedrasında asissent, baş müəllim, dosent, vəzifələrində işləmişdir. V.Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbaniza-siyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. V.Əfəndiyev 1987–1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991–1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999–2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004–2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2007-ci ildən professor olan V.Əfəndiyev yeni yaradılan "Azərbaycan coğrafiyası" kafedrasının müdiri seçilmişdir.
Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Bakı Dövlət Universitetinin Qazax filialı yaradılan zaman professor V.Əfəndiyev bu ali təhsil müəssisəsinin ilk direktoru olmuş və ömrünün sonuna – 11 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülaya Həsənova tədbirdə çıxış edərək Filialın ilk direktoru olmuş V.Əfəndiyevin keçdiyi şərəfli ömür yolundan, onun elmi-pedaqoji fəaliyyətindən, cografiya elminə verdiyi böyük töhfələrdən danışıb.
Sonra V.Əfəndiyevin həyat və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək professor V.Əfəndiyevin bir sıra fəxri adlara və mükafatlara layiq görüldüyünü qeyd edib. Bildirib ki, görkəmli alim 1994 və 2000-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı ilə təltif edilmiş, 1998-ci ildə akademik H.Ə.Əliyev adına müsabiqənin laureatı olmuş, 2005-ci ildə "Qabaqcıl Təhsil işçisi" fəxri adını almişdir. O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. M.Yusifov görkəmli alimin 160-dan çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiyanın və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifi olduğunu qeyd edib.
Tədbirdə Filialın Tədris və elmi işlər üzrə üzrə direktor müavini Məmməd Yusifov, Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, pedaqoji fakültənin dekan əvəzi Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının müdiri Arif Veyisov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi İradə Arıxova, həmin kafedranın baş müəllimi Heyran Vəkilova çıxış edərək görkəmli alim ilə bağlı xatirələrini söyləyib, onun yüksək insani keyfiyyətlərindən danışıblar.
Mərasimin sonunda Yasin Əfəndiyev çıxış edərək qardaşının xatirəsinə göstərilən dərin ehtirama və qədirbilənliyə görə professor V.Əfəndiyevin ailəsi adından BDU-nun Qazax Filialının rəhbərliyinə və kollektivə öz dərin minnətdarlığını bildirib.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri.


