BDU-nun Qazax filialının tələbəsi pedaqoji təcrübəni açıq havada keçib

BDU-nun Qazax filialının tələbəsi pedaqoji təcrübəni açıq havada keçib

Məktəblilərə yol hərəkəti təhlükəsizliyi qaydaları barəsində biliklər vermək, onların arasında maarifləndirmə işlərini aparmaq günümüzün ən vacib məsələlərindən biridir. Bakı Dövlət Universitetinin Qazax filialının ibtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi İpək Əliyeva təcrübə keçdiyi Qazax şəhər 1 saylı tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı dərsi açıq havada aparıb.

Əvvəlcə məktəbin akt zalında məktəblilər yol hərəkəti qaydalarına aid nəzəri biliklərini təcrübəçi müəllimin verdiyi suallar əsasında nümayiş etdiriblər. Sonra dərs açıq havada davam etdirilib. Yol polisi forması geyinmiş ibtidai sinif şagirdləri məktəbin qarşısından keçən yolda avtomaşınları saxladıb sürücülərə yol hərəkəti qaydaları barədə müxtəlif suallar veriblər. Bununla da kiçik yaşlı məktəblilər dərsdə öyrəndikləri bilikləri praktikada daha da möhkəmləndiriblər.

Pedaqoji təcrübə Qazax rayon dövlət yol polisi əməkdaşlarının iştirakı ilə keçib.

Filialın direktoru Arif Rüstəmov açıq havada keçirilən perdaqoji təcrübə dərsində iştirak edib.

Filialın Mətbuat Xidməti