BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib
- Nəşr edilib 21.04.2025 15:45
- Çap

BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Müasir Azərbaycanın demokratik hüquqi əsasları – Konstitusiyamız” mövzusunda Nə?, Harada?, Nə zaman? formatlı intellektual yarış keçirilib.
Yarış Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynadığını bildirib. Bu gün Azərbaycan vətəndaşı olaraq hər birimizin müasir, müstəqil ölkəmizin uğurlarına, regionda və dünyada söz sahibliyinə nail olması, sözünün də imzası qədər əhəmiyyətli olması ilə fəxr etdiyimizi vurğulayıb. A.Rüstəmov bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin böyük məna kəsb etdiyini bildirərək iştirakçılara uğurlar arzulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək yarış iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncamın icrasından irəli gələn Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü intellektual yarışın Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyət daşıdığını söyləyib.
Münsiflər heyətinin üzvü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, fiziki tərbiyə və çağıırışa hazırlıq ixtisasının III kurs tələbəsi, qazi Qılınc Cəfərov çıxış edərək yarışın qaydaları haqqında iştirakçılara məlumat verib.
Bilik yarışında 12 komanda mübarizəyə qatılıb. Komandaların hərəsində 5 nəfər olmaqla, ümumilikdə 60 nəfər gəncin əhatə olunduğu yarışın hər 2 turunun hər birində 6 komanda iştirak edib. İştirakçılara Azərbaycan Konstitusiyasının qəbul edilməsində keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğu, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında suallar ünvanlanıb.
Bilik yarışında “Bayraqdarlar” komandası 1-ci yerə, “Göyəzən” komandası 2-ci yerə, “Xocalı sədası” komandası 3-cü yerə layiq görülüb. “Xarıbülbül” komandası isə həvəsləndirici yerin sahibi olub.
Yarışın sonunda qalib komandalar filial rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
Filialın Mətbuat Xidməti.



