BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, filialın rəhbərliyi, müəllim-tələbə kollektivi, valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil konsepsiyasının məqsədinin milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu və bu konsepsiyanın reallaşmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın əməyini xüsusi qeyd edib.

A.Rüstəmov öz çıxışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun universitetə hər zaman dəstək olmasını xüsusi qeyd edib. Bu diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərinə kollektiv adından təşəkkürünü çatdırıb. Bu gün Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Qərbin qapısı sayılan Qazaxda yerləşən BDU-nun Qazax filialını seçən tələbələrə razılığını ifadə edən rayon rəhbəri onların gələcək təhsil illərində bu filialda hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlarını, şəffaf mühitdə təhsil alacaqlarını söyləyib. İcra başçısı builki Bilik Gününün daha əlamətdar olduğunu, tələbələrin bu il Bilik Gününü Konstitusiya və Suverenlik İli”ndə qeyd etdiklərini, həmçinin, artıq Xankəndidə Qarabağ Universitetinin açıldığını, işğaldan azad olunmuş doğma Xankəndidə zəngin çalındığını söyləyib. Bu qürurverici anlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. 

Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, qazi, filialın fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi  ixtisasının IV kurs tələbəsi, filialın Tələbə Həmkarlar Təşkilatının sədri  Qılınc Cəfərov tələbə adını qazanmış gəncləri təbrik edərək ölkəmizdə təhsil sahəsinə olan qayğıdan danışıblar.

Qəbul imtahanlarında 542 bal toplayıb filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının I kursuna qəbul olmuş Qönçə Xəlilova çıxış edərək tələbə yoldaşları adından üzərlərində əməyi olan müəllimlərə, valideynlərinə təşəkkürlərini çatdırıb. Qazax filialını seçməklə düzgün addım atdıqlarını, orta məktəbdə olduğu kimi seçdikləri ali təhsil ocağını da yüksək nailiyyətlərlə başa vuracaqlarını söyləyib. 

I kurs tələbəsi Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş Aytac Quluyevanın valideyni Aqil Quluyev çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialının direktoru Arif Rüstəmov tərəfindən filiala ən yüksək balla qəbul olmuş tələbələrə hədiyyələr təqdim olunub.

Tədbir aparıcı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Tərlan Aslanlının filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayılın qələmə aldığı “Filialda” adlı şeiri oxuması ilə başa çatıb.

Filialın Mətbuat Xidməti