Zəfər Günü ərəfəsində şəhid məzunlarımızın xatirəsi anılıb
- Nəşr edilib 06.11.2026 19:26
- Çap

Zəfər Günü ərəfəsində şəhid məzunlarımızın xatirəsi anılıb
8 Noyabr - Zəfər Günü ərəfəsində Bakı Dövlət Universitetinin Qazax filialının məzunları olmuş şəhid baş leytenant Orucov Niftalı Qəfər oğlunun və şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirələri anılıb. Bu məqsədlə BDU Qazax filialının direktoru Arif Rüstəmov başda olmaqla filialın bir qrup əməkdaşı Tovuz rayonunun Qaraxanlı kəndinə gələrək şəhidin uyuduğu kənd qəbiristanlığında Niftalı Orucovun məzarını ziyarət ediblər.
Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Məmmədov Məhəmməd Zakir oğlunun doğulduğu Qazax rayonunun Alpout kəndində olaraq qəhrəman şəhidin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıblar.
Ziyarətlər zamanı filialın direktoru Arif Rüstəmov bildirib ki, Niftalı Orucov və Məhəmməd Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan, xalqımız fəxr edib qürur duyur. Şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğu bildirən A.Rüstəmov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir vətəndaşa örnək olduğu vurğulayıb.
A.Rüstəmov filialda bu amilin ilk gündən əsas götürüldüyünü, hər iki şəhidə həsr olunmuş “Şəhid məzunlarımız” başlığı altinda xatirə güşələrinin yaradıldığını qeyd edib. Filialın əməkdaşı Elçin İsmayıl tərəfindən şəhid Məhəmməd Məmmədovun ömür yolundan bəhs edən “Adını tarixə yazdı” adlı kitabın yazılıb nəşr olunduğunu bildirib. Yaxın günlərdə isə şəhid Niftalı Orucov haqqında xatirə kitabının yazılıb çap olunacağını qeyd edib.
Filialın Mətbuat Xidməti.

