XƏBƏRLƏR

BDU Qazax filialının əməkdaşının yeni kitabı çap olunub

BDU Qazax filialının əməkdaşının  yeni kitabı çap olunub

            Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayılın “Vətəni canından əziz bilənlər” adlı yeni kitabı çap olunub. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilmiş yeni kitab qazaxlı şəhidlərə həsr edilib. 

               Xalq şairi Nəriman Həsənzadənin ön söz yazdığı kitab 5 bölmədən ibarətdir. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr olunub. 

           Kitab Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlərlə başlayır. “Vətəni canından əziz bilənlər” kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğulların keçdikləri ömür yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, vaxtilə dərs demiş müəllimlərin, döyüş yoldaşlarının xatirələri verilib, şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Nəfis şəkildə çap olunmuş 304 səhifəlik kitabda müəllif təkcə şəhidlərimizin tərcümeyi-hallarını verməklə kifayətlənməyib, hər bir şəhid haqqında esse yazaraq onların bədii obrazlarını yaradıb.

          Prezident İlham Əliyevin Sərəncamları ilə şəhidlərin təltif olunduqları orden və medalların şəkillərinin verildiyi kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş vətən oğulları minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib.

Onu da qeyd edək ki, tarixi-publisistik əsər olan “Vətəni canından əziz bilənlər”  E.İsmayılın oxucularla 14-cü görüşü, vətənpərvərlik mövzusunda isə yazdığı 6-cı kitabdır. Eyni zamanda, müəllifin 2022-ci ildə filial rəhbərliyinin dəstəyi ilə bu ali təhsil ocağının məzunu olmuş şəhid leytenant Məhəmməd Məmmədov haqqında “Adını tarixə yazdı” adlı kitabı da çapdan çıxıb.

          Vətənpərvərlik mövzusunda yazılmış bu kitablar torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyinin bərpası uğrunda canlarından keçərək öz qanları ilə adlarını hərb tariximizə əbədi həkk edən vətən oğullarının adlarını, xatirələrini yaşatmaq üçün bir nümunə, şəhidlərin qəhrəmalıqla dolu olan həyat və döyüş yollarını öyrənməkdən ötrü dəyərli vasitədir.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.