BDU-nun Qazax filialında Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi qeyd edilib
- Nəşr edilib 20.10.2025 16:31

BDU-nun Qazax filialında Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi qeyd edilib
Bakı Dövlət Universitetinin Qazax filialında Prezident İlham Əliyevin 21 fevral 2025-ci ildə imzaladığı Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncama əsasən “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasında “Bəxtiyar Vahabzadə zamanın və millətin səsi” adlı elmi seminar keçirilib.
Tədbir iştirakçıları B.Vahabzadənin kitablarından ibarət sərgiyə baxaraq öz fikirlərini bildiriblər. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək Bəxtiyar Vahabzadənin mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardan biri olduğunu qeyd edib. Bildirib ki, şairin Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram hissi aşılamışdır.
Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli məruzə ilə çıxış edərək öz elmi fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, kafedranın müəllimlərindən Səfayə Sadıqova, Nigar Fərzəliyeva, Hikmət Yusifov, Cəvahir Həsənli çıxış edərək məruzə ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələrindən Bəyaz Abdullayeva, Nigar Mahmudova, Səma Əlizadə, Məhəmməd Qaravəliyev, Mustafa Əlvəndov şairin şeirlərini səsləndirdilər.
Seminarda B.Vahabzadəyə həsr edlmiş slayd nümayiş olunub.
Filialın Mətbuat Xidməti.













































































































































