BDU-nun Qazax filialında “Məzun günü” keçirilib
- Nəşr edilib 22.06.2026 11:31

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib
İyunun 20-də Bakı Dövlət Universitetinin Qazax filialında 2025-2026-cı tədris ilinin “Məzun günü” keçirilib.
Filialın tədris binasının həyətində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edib, onlara ən xoş arzularını bildirərək gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən uğurlu təhsil siyasətindən bəhs edən A.Rüstəmov filialın son illərdə əldə etdiyi nailiyyətlərdən də danışıb. Qeyd edib ki, hər il olduğu kimi bu il də magistratura və müəllimlərin işə qəbulu imtahanlarında məzunlarımız respublikada yüksək göstəricilərə nail olurlar.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tədris şöbəsinin müdiri Hürü Şamilova tədbirdə çıxış edərək məzunları təbrik edib, ən xoş arzularını bildiriblər. Məzunlardan Qılınc Cəfərov, Sanılı Nofəl çıxış edərək yüksək səviyyədə ali təhsil aldıqları üçün filialın rəhbərliyinə, dərs deyən müəllimlərə, onların üzərində əməyi keçən filialın bütün əməkdaşlarına tələbələr adından öz dərin minnətdarlıqlarını bildiriblər. Çiçək Sanılı valideynlər adından çıxış edərək övladlarına şəffaf şəraitdə və yüksək səviyyədə ali bilik verdiklərinə görə filialın rəhbərliyi başda olmaqla bütün professor-müəllim heyətinə valideynlərin təşəkkürlərini çatdırıb.
Sonra tədris illərində fərqlənən bir qrup tələbəyə Təşəkkürnamələr təqdim olunub.
Çıxışlar başa çatdıqdan sonra tədbir rəngarəng musiqi proqramı ilə davam edib.
Filialın Mətbuat Xidməti.





























































































































































