BDU Qazax filialının tələbələri üçün maarifləndirici tədbir keçirilib
- Nəşr edilib 02.06.2025 09:43

BDU Qazax filialının tələbələri üçün maarifləndirici tədbir keçirilib
Mayın 30-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ADA Universitetinin Qazax Mərkəzində dövlət qulluğunun inkişafı istiqamətində gənclərin maarifləndirilməsi, onların dövlət qulluğuna marağının artırılması məqsədi ilə “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva, Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin sektor müdirləri Ağahüseyn Hüseynov və Şahmar Tağıyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Qazax Gənclər Evi SXM-nin kollektivi, ADA Universitetinin Qazax Mərkəzinin, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və gənclər iştirak ediblər.
Tədbirdə gənclərə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluqçusu anlayışı, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin dövlət qulluğuna qəbulu istiqamətində görülən işlər, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlərə dair təqdimatlar edilib.
Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti











































































































































