BDU Qazax filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib
- Nəşr edilib 07.05.2026 12:41

BDU Qazax filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib
Bakı Dövlət Universitetinin(BDU-nun) Qazax filialının və Yeni Azərbaycan Partiyası(YAP) Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə BDU Qazax filialının açıq birinciliyi keçirilib.
BDU-nun Qazax filialının idman zalında keçirilən yarışda filialın 60-a yaxın tələbəsi öz qüvvəsini sınayıb.
Yarışın baş hakimi Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi, Respublika dərəcəli hakim, SSRİ idman ustası Fazil İsmayılov idmançıların yarışlara hazır olması ilə əlaqədar raport verib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən ətraflı söz açıb. Qeyd edib ki, Ümummilli Liderin zəngin siyasi irsi Azərbaycan xalqının milli inkişaf yolunun əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan mürəkkəb ictimai-siyasi böhran dövründən çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub, dövlət müstəqilliyimiz əbədi və dönməz xarakter alıb.
Ümummilli Liderin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi, Prezident təqaüdçüsü Ramiz Tağıyev öz çıxışında idman yarışında tələbələrə uğurlar arzulayıb. SSRİ idman ustası, Əməkdar məşqçi, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov yarışın təşkilatçılığında fəal iştirak edib.
Sonra yarışın hakimləri – Avropa və dünya çempionu, Azərbaycan yığma komandasının üzvü Əfqan Xaşalov, beynəlxalq yarışların qalibi, Azərbaycan yığma komandasının üzvü Əmrah İlyaslı, beynəlxalq yarışların, Avropa və dünya birinciliklərinin qalibi İntiqam Vəliyev idmançıları xalça üzərində mübarizəyə dəvət ediblər.
8 çəki dərəcəsində gərgin idman mübarizəsi şəraitində keçən yarışda 29 idmançı I, II və III yerləri tutaraq yarışın qalibləri olublar.
Yarışın sonunda qalib gələn tələbələrə Diplomlar təqdim edilib.
Filialın Mətbuat Xidməti











































































































































