BDU Qazax filialında “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib
- Nəşr edilib 30.04.2026 05:38

BDU Qazax filialında “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun kitablarından ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin və Səməd Vurğunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən slayd təqdim olunub.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edib, simpozium iştirakçılarını salamlayaraq bildirib ki, bu il Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncam Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyəti Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quliyeva çıxış edərək bildirib ki, Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq səhifə açmışdır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, AYB-nin Qazax zona filialının ədəbi məsləhətçisi, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Mustafa Rasimoğlu məruzə ilə çıxış ediblər.
Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimlərindən Nigar Fərzəliyeva “Dünyanı düşünən şair olmaq...” və Əfranə Həsənli “Azərbaycan dilinin inkişafında Səməd Vurğun irsinin əhəmiyyəti”, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva “Qəlblərin ən böyük bahar şairi”, AYB-nın üzvü, şair Səhlədar Hidayətoğlu “Səməd Vurğunun yaradıcılığında milli dəyərlər və milli azadlıq motivləri” mövzularında çıxış ediblər.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələrindən Nigar Mahmudova, Mustafa Əlvəndov və Gülər Məmmədli, turizim işinin təşkili ixtisasının tələbələrindən Məhəmməd Qaravəliyev, Bəyaz Abdullayeva və Südabə Qarasaqqalova, filologiya ixtisasının III kurs tələbəsi Aygün Abbasova şairin şeirlərini səsləndirib, sözlərinə yazılmış mahnını ifa ediblər.
Tədbirin sonunda filialda keçirilmiş Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Filialın Mətbuat Xidməti













































































































































