XƏBƏRLƏR

BDU-nun Qazax filialında "Ümumdünya Sosial İş Günü" ilə bağlı tədbir keçirilib

BDU-nun Qazax filialında "Ümumdünya Sosial İş Günü" ilə bağlı tədbir keçirilib

BDU-nun Qazax filialında Keyfiyyət komissiyası və "İctimai və təbiət fənləri" kafedrasının birgə təşkilatçılığı ilə "Ümumdünya Sosial İş Günü" ilə bağlı tədbir keçirilib.

Tədbirdə Filialın "İctimai və təbiət fənləri" kafedrasının müəllimləri və Sosial iş ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətini, ölkəmizdə sosial iş peşəsinin nüfuzu, əhalinin sosial cəhətdən zəif müdafiə olunmuş müxtəlif kateqoriyalarına dövlət tərəfindən göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu qeyd edib. İnsanlara sosial köməyi təmin edən bu peşənin ölkəmizdə gələcəyinin işıqlı olacağını vurğulayıb və tədbirin gedişinə uğurlar arzulayıb.

Keyfiyyət komissiyasının sədri Hürü Şamilova çıxış edərək Filialda həm bakalavriat, həm də magistratura təhsil səviyyələrində Sosial iş ixtisası üzrə mütəxəssis hazırlığını bildirib. 1983-cü ildə Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən təsis olunan və hər il mart ayının üçüncü çərşənbə axşamı qeyd olunan bu günün məqsədinin sosial işçilərin həyata keçirdiyi fəaliyyəti, cəmiyyətin inkişafına verdiyi töhfələr, xidmət göstərdiyi ahıllar, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin mövcudluğunun vacibliyini yada salmaqdan ibarət olduğunu qeyd edib.

Tədbirdə sosial işçi və təlimçi Nurlan Quliyev təqdimatla çıxış edərək sosial iş peşəsinin mahiyyəti, onun fəlsəfəsi, həmçinin Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən hər il Ümumdünya Sosial İş Gününün Qlobal Gündəliyin mövzularından birinə həsr olunduğunu vurğulayıb. Bu ilin şüarının "Buen Vivir: transformativ dəyişiklik üçün ortaq gələcək" olduğunu bildirən təlimçi, Buen Vivir sosial fəlsəfəsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb, eyni zamanda sosial işçilərin müraciətçilərlə işləyərkən əməl etməli olduğu prinsiplərdən və sosial işçilər üçün vacib olan bacarıqlardan bəhs edib.

Tədbirdə Sosial iş ixtisasının III kurs tələbələri Sevil Qurbanlı və Gülyaz Vəlizadə "Sosial işin ölkəmizdə hazırkı vəziyyəti və mövcud problemlərin həlli yolları" adlı video-təqdimatla çıxış edərək sosial işin ölkəmizdə mövcud vəziyyəti və bu sahədə gələcək perspektivlər barədə məlumat verib, sosial sahənin bəzi problemlərini həll etmək üçün konkret yollar təklif ediblər.

Tədbirin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Çıxış edənlər tədbirdə iştirakına və göstərdiyi dəstəyə görə Filialın direktoru Arif Rüstəmova təşəkkürlərini bildiriblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.