BDU-nun Qazax filialında Zəfər Gününə
həsr olunmuş tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov tədbiri açıq elan edərək sözü filialın direktoru Arif Rüstəmova verib. Giriş sözü ilə çıxış edən Arif Rüstəmov sentyabrın 27-dən başlayıb 44 gün davam edən Vətən müharibəsindən söz açaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qazandığı Tariixi Zəfərdən danışıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək professor və müəllimləri, tələbələri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı xalqımızın Azərbaycanın şanlı səhifələrindən olan Zəfər Gününü qürurla, 30 illik həsrətdən sonra doğma torpaqları azad edilən ölkənin vətəndaşı olaraq qeyd etdiyimizi vurğulayıb. Bu şanlı Zəfərə, tarixi Qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında torpaqlarımızı azad edən oğullarımıza, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğunu söyləyib.
Filialın İctimai fənlər kafedrasının baş müəllimlərindən Mübariz Süleymanov, Ülviyyə Bayramova, tarix müəlimliyi ixtisasının IV kurss tələbəsi Könül Butayeva, hərbi hazırlıq və fiziki tərbiyə müəllimliyi ixtisasının II kurs tələbəsi, Vətən müharibəsinin qazisi Qılınc Cəfərov tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı öz fikirlərini bildirib, təbriklərini çatdırıblar.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri.