- Nəşr edilib 16.05.2025 11:27

BDU-nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz - Suverenliyimiz tələbələringözü ilə” adlı Elmi Konfrans keçirilib
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub.
Mayın 15-də Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində filialın Tələbə Elmi Cəmiyyətinin “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz - Suverenliyimiz tələbələrin gözü ilə” adlı Elmi Konfransı keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Rayon və filial rəhbərliyi əvvəlcə filialın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək rayon rəhbərliyini və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq gənclərlə, tələbələrlə olan bugünkü görüşü, tələbələrin qatıldığı bugünkü konfransda iştirak etməsini onlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. A.Rüstəmov Respublika Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı imzaladığı sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi məna daşıdığını, ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi rola malik olaraq hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət olduğunu qeyd edib.
Filialın Tələbə Elmi Cəmiyyətinin hər il keçirdiyi konfranslardan söz açan A.Rüstəmov builki mövzunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu söyləyib. Konfransın plenar iclasdan sonra bölmə iclasları ilə davam etdiriləcəyini, 4 bölmə üzrə 62 məqalə və tezisin müzakirə müzakirə ediləcəyini diqqətə çatdırıb. Filial tələbələrinin elmi yaradıcılığının üzə çıxarılması baxımından bu elmi konfransın mühüm əhəmiyyət daşıdığını qeyd edərək bütün iştirakçılara uğurlar arzulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edən icra başçısı konfransa qatılmış gənclərə, konfransın işinə uğurlar arzulayıb. İcra başçısı vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. Müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratmış, gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırlamışdır.
1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Əminliklə deyə bilərik ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir.
Rayon rəhbəri qeyd edib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi.
“Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır”, - deyən rayon rəhbəri Ulu Öndərin əsasını qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcəyini, tarixi nailiyyətlərə imza atacağını qeyd edib.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, İctimai və təbiət fənləri kafedrasının müəllimi İndira Vəliyeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli, filialın Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi, Tələbə Həmkarlar Təşkilatının sədri, Vətən müharibəsi iştirakçısı, ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qılınc Cəfərov, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Gülər Məmmədli, Tarix müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Mələk Hacızadə çıxış edərək “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın əhəmiyyətindən söz açıblar. Çıxış edənlər müdrik xalqımızın bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəklərini vurğulayıblar.. Xalqımıza bəxş olunmuş bu günə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Dörd bölmə üzrə davam etdirilən konfransa 60-dan artıq gənc öz məqalələri ilə qatılıb.
Filialın Mətbuat Xidməti




















































































































































