- Nəşr edilib 06.12.2024 08:06

“Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Dünya-Bizim dünya” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib
Dekabrın 5-də Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Dünya-Bizim dünya” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən simpoziumun açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ərzincan Binəli Yıdırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və Ədəbiyyatı Bölümü Başkanı, professor, doktor Ali Kafkasyalı, Ərzincan Binəli Yıdırım Universitetinin “Sosial elmlər” İnstitutunun direktoru, professor, doktor Necdet Tozlu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun baş elmi işçisi, fil.e.dok. professor Qalib Sayılov, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent İlhamə Qəsəbova, Gəncə Dövlət Universitetindən dosent Cavid Bağırzadə, dosent Etibar Musayev, Elm və Təhsil Nazirliyi yanında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşı Kənan Heydərli, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Nail Məmmədov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyev adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünüə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Dahi liderin adını daşıyan Mərkəzi ziyarət ediblər. Tədbir iştirakçıları Şəhidlər xiyabanını da ziyarət edərək memorial önünə tər qərənfillər düzüblər.
Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, Fil.ü.f.d., dosent İlhamə Qəsəbova tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun keçirilməsi üçün ev sahibliyi edən, dəstəyini əsirgəməyən rayon rəhbərliyinə digər təşkilatçılar adından minnətdarlığını bildirib. İ.Qəsəbova “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziuma iştirakçılar tərəfindən 180 məqalə təqdim edildiyini, həmçinin, iştirakçıların bu tədbirdə bölmələr üzrə həm onlayn, həm də üz-üzə öz işini davam etdirdiyini vurğulayıb. Simpoziumun 2 gün davam edəcəyini söyləyib. İ.Qəsəbova Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Prof. Dr. Akın Leventin və Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinin rektoru Dr. Janar Temirbekovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb. İcra başçısı bildirib ki, Azərbaycanda ekologiya siyasətinin hərtərəfli inkişafı sahəsində atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu Öndərin əsasını qoyduğu ekoloji planları ardıcıllıqla həyata keçirir. Natiq dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçı ölkələrin qərarı ilə bu il 11-23 noyabr 2024-cü il tarixlərdə Azərbaycanda keçirildiyini bildirib. 200-ə yaxın ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 76 min iştirakçının, onların sırasında 80 dövlət və hökumət başçısının, eyni zamanda, müxtəlif sahələri əhatə edən dünyamiqyaslı tanınmış şəxslərin Bakıda iştirakının tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisi olduğunu qeyd edib. İcra başçısı vurğulayıb ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi Respublika Prezidentinin növbəti təntənəli qələbəsidir.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edən A.Rüstəmov bugünkü Beynəlxalq Elmi Simpoziumun keçirilməsinin həmin ilə növbəti töhfə olduğunu söyləyib. Filial tərəfindən silsilə tədbirlərin təşkil edildiyini və bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. A.Rüstəmov COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə ölkə Prezidenti İlham Əliyevə ziyalılar adından minnətdarlığını bildirib. Eyni zamanda, ölkə rəhbərinə Beynəlxalq Elmi Simpoziumun iştirakçıları adından da təşəkkür məktubunun ünvanlanacağını diqqətə çatdırıb.
Ərzincan Binəli Yıdırım Universitetinin “Sosial elmlər” İnstitutunun direktoru, professor, doktor Necdet Tozlu “Türkiyədə iqlim dəyişikliyi və orman yanğınları”, Ərzincan Binəli Yıdırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və Ədəbiyyatı Bölümü Başkanı, professor, doktor Ali Kafkasyalı “Türk dünyagörüşü və Türk mədəniyyətində Yaşıl dünya”, AMEA Folklor İnstitutunun baş elmi işçisi, fil.e.dok. professor Qalib Sayılov “Azərbaycan etnokultral sistemində ətraf mühitə baxış”, Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə “Ekoloji tərəqqinin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzularında geniş məruzələrlə çıxış edərək Beynəlxalq Elmi Simpoziumun keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlar tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və BDU Qazax filialının direktoru Arif Rüstəmova hədiyyələr təqdim edilib. Həmçinin, rayon rəhbərliyi qonaqlara hədiyyə, plaket və Təşəkkür bəlgəsi təqdim edib.
Beynəlxalq Elmi Simpozium fasilədən sonra bölmələr üzrə öz işini davam etdirib.
Filialın Mətbuat Xidməti













































































































































