XƏBƏRLƏR

Xəbərlər


BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Sentyabrın 24-də Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib .

Bakı Dövlət Universitetinin Qazax filialının Heydər Əliyev auditoriyasında keçirilən dəyirmi masada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, şəhid ailələri, veteranlar, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları filialın məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun filialda yaradılmış guşəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 27 Sentyabr - Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.   

Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi əvəzi Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini salamlayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru  Arif Rüstəmov çıxış edərək ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildiriblər.

Sonra Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, Vətən müharibəsi şəhidi, ölümündən sora ölkə başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllim Ülviyyə Bayramova, filialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, ölkə Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək 44 günə şanlı Zəfərlə başa çatan “Dəmir yumruq” əməliyyatının hərb tariximizə qızıl hərflərlə yazıldığını, Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini qeyd ediblər.

Filialın Mətbuat xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.