XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib

Fevralın 26-da Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.  

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocalı soyqırımı qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Xocalı soyqırımından 33 il ötməsinə baxmayaraq, xalqımızın 1992-ci ilin 26 fevralında dinc sakinlərimizin başına gətirilən müsibətləri unutmadığını söyləyib. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 5 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib. Ulu Öndər Heydər Əliyevin şəhidlərimizin, soyqırımı qurbanlarının ailələrinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini, eləcə də ölkə başçısının həmin qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Xocalı soyqırımının törədilməsindən 33 il keçir. Bildirib ki, Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi soyqırım aktı kimi təsbit olundu. Ulu Öndər Heydərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

İcra başçısı bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur.

Natiq qeyd edib ki, 2020-ci il Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Bu gün xalqımız Xocalı qurbanlarının xatirəsini həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyəsi ilə qeyd edir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Xocalı azad edildikdən sonra oraya səfərləri zamanı səsləndirdikləri “Biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq” fikirlərini diqqətə çatdıran icra başçısı Xocalının cənnətə çevriləcəyi günün uzaqda olmadığını qeyd edib. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, əvvəl təqvimdə şəhərlərimizin, rayonlarımızın işğal tarixlərini qeyd edirdiksə, bu gün onların düşmən tapdağından azad olunduqları tarixi rəqəmləri qeyd edirik. Bu gün 20 Yanvar, 26 Fevral – Xocalı soyqırımını qalib dövlətin, xalqın nümayəndəsi olaraq qeyd edirik. Millət vəkili 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun yeni bir səhifə açdığını, bu müharibə ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini göstərməklə yanaşı, həm də şəhidlərimizin, soyqırım, faciə qurbanlarının da qisasını aldığımızı söyləyib. “Biz Xoclı soyqırımını, faciəsini bir anlıq unutsaq, yaddan çıxarsaq, yeni faciələr baş verəcək. Ona görə siz gənclər hər zaman qanlı faciələrin unudulmaması, əksinə gələcək nəsillərə çatdırılması üçün böyük səylə çalışmalısınız. Qalib xalqın gəncləri kimi qürurlu olmalı, tarixi keçmişi yaşatmalısınız”, - deyən millət vəkili gənclərə öz tövsiyələrini verib, bu yolda onlara uğurlar arzulayıb.

BDU-nun Qazax filialının İctimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov “Xocalı faciəsi - tarixin qan yaddaşı” adlı məruzə ilə çıxış edərək soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla anıb. Filialın İctimai fənlər kafedrasının baş müəllimi Ülviyyə Bayramova “Qalib xalqın silinməyən yaddaşı”, filialın Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Ofelya Əliyeva “Xocalı soyqırımı tariximizin ən dəhşətli faciəsi kimi”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Gülər Məmmədli “Xocalı faciəsi gəncliyin gözü ilə” mövzuları ilə çıxış ediblər.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.