XƏBƏRLƏR

Xəbərlər

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin,  Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, yaradıcı şəxslər, filialın müəllim və tələbələri iştirak edib.

Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar 28 dekabr 2024-cü il tarixli Sərəncamı digər məsələlərlə yanaşı  Konstitusiyaya diqqəti daha da artırıb, orada təsbit olunan insan hüquqlarının qorunması mövzusunu aktuallaşdırıb. Bu günki tədbirin həsr olunduğu əqli mülkiyyət hüququnun qorunmasının xalqın intelektual potensialının artırılmasına, yaradıcı insanların maddi rifahının gücləndirilməsinə, mədəniyyətin inkişafına göstərdiyi təsirdən danışıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyev regionlarda yaşayan yaradıcı şəxslərin, ziyalıların, regionun mənəvi və mədəni simasının formalaşmasına köməyindən, gənclərin vətənpərvərlik tərbiyyəsinin güclənməsinə, regionların sosial iqtisadi inkişafı proqramının həyata keçirilməsinə köməyindən danışıb, tədbirin təşkilatçıları olan Mədəniyyət Nazirliyinə və Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirib.

“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. Həyata keçirilən layihənin icrası ilə bağlı Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd edərək belə layihələrin əhalinin hüquqi savadlanmasına, hüquqlarla bağlı Konstitusiya müddəalarının həyata keçirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, Konstitusiyanın müəyyən etdiyi vacib hüquqlardan biri də Əqli Mülkiyyət Hüququdur.  Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o, qanunla qorunur. Qeyd edib ki, ölkəmizdə əqli mülkiyyət hüququnun həyata keçirilməsi və qorunması ilə bağlı çox saylı qanunların qəbul olunmasına, Azərbaycan Respublikasının əqli mülkiyyətlə bağlı beynəlxalq konversiyalara qoşulmasına, Əqli Mülkiyyət Agentliyinin yaranmasına və intensiv fəaliyyət göstərməsinə baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər öz hüquqlarını yaxşı bilmir, əqli mülkiyyət obyektlərinin əmtəələşdirilərək öz yaradıcılıq məhsullarından maddi rifahlarının yaxşılaşdırılması üçün səmərəli istifadə etmirlər. Natiq bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsinin əsas məqsədi də yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.

Mədəniyyət Nazirliyinin əməkdaşı Heydər Mirzəyev nazirliyin yaradıcı şəxslərlə, əqli mülkiyyət hüququnun subyektləri ilə həyata keçirdiyi tədbirlər, təşkil etdiyi qrant müsabiqələri və QHT-lərlə əməkdaşlığı haqda məlumat verib. Bildirdi ki, “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihə yardıcı şəxslərin rifahının yaxşılaşıdırılmasına, mədəniyyətin inkişafına kömək məqsədi daşıyır. Belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Sonra əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər, hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçiriblər.

AYB-nin Qazax zona filialının sədri, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Alik Bağırov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi şairə Gülsənəm Cəlili çıxış edərək cəmiyyətimiz üçün yeni olan bu mövzuda daha geniş və əhatəli təlimlərin keçirilməsini zəruri sayıblar. Xüsusilə mərkəzdən uzaqda yerləşən regionlarda belə tədbirlərin  keçirilməsinin yaradıcı insanlar üçün çox faydalı olduğunu qeyd ediblər.

Tədbirin sonunda iştirakçıların çox saylı sualları cavablandırılıb, əqli mülkiyyət ilə bağlı hüquqi normativ aktlar və Əqli Mülkiyyət Agentliyin çap etdirdiyi kitablar paylanılıb, məsləhətlər verilib.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.