- Nəşr edilib 23.05.2024 12:21

BDU-nun Qazax filialının tələbələri sərhədçilərlə görüş keçiriblər
Bakı Dövlət Universitetinin Qazax filialının Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının tədris planına uyğun olaraq filialın FTÇH-1-21 və FTÇH-1-22 qruplarının tələbələri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyasında xidmət edən sərhədçilərlə görüş keçiriblər. «Əsgər həyatının bir günü» mövzusunda keçirilən görüşdə tələbələrə Sərhəd Qoşunlarının yaranması, fəaliyyəti, keçdiyi döyüş yolu, Vətən müharibəsi dövründə qəhrəmanlıq nümunəsi göstərmiş hərbi qulluqçular haqqında geniş məlumat verilib.
Görüşdə tələbələr əsgər kazarmaları, tədris otaqları, tibb məntəqəsi, çörəkbişirmə sexi, camaşırxana, yuyunma otağı, məişət otağı, silah və sursatların saxlanması və təmizlənməsi otaqları, əsgər yeməkxanası, hərbi idman meydançası, hərbi idman qurğuları və avadanlıqları, bufet, hərbi yaşayış şəhərciyi, sıra hazırlığı meydançası, hərbi avtomobillər və hərbi texnikalarla tanış olublar.
Tələbələr avtomat, pulemyot, tapança və snayper tüfənginin taktiki-texniki xüsusiyyətləri ilə tanış olub, onların sökülüb yığılmasında iştirak ediblər.
Görüş filialın Pedaqoji fənlər kafedrasının müəllimlərindən Oqtay Mahmudov və Təhməz Novruzovun rəhbərliyi altında keçib.
Filialın Mətbuat Xidməti










































































































































