- Nəşr edilib 04.11.2025 06:51

BDU Qazax filialında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Filialın nəzdində fəaliyyət göstərən “Kitab rəfi” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə klubun üzvləri, müəllim və tələbələr iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, qürur duyduğunu bildiirib.
Filialın Mətbuat xidməti mütəxəssisi, şair-publisist Elçin İsmayıl çıxış edərək Zəfər Gününün 5-ci ildönümü ərəfəsində çapdan çıxmış, Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Şanlı Vətən oğulları” kitabı haqqında danışıb. Filialın İctimai və təbiət fənləri kafedrasının müəllimi Tahirə Rəhimova Qazax Rayon İcra hakimiyyətinin dəstəyi ilə çap olunmuş kitabda bəhs edilən qəhrəmanlıq nümunələrinin gənclərə əsl örnək olduğunu bildirib.
Tədbirdə şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, şəhidin həyat yoldaşı Abuhəyat Məmmədova çıxış edərək xatirələrini danışıb, ürək sözlərini bölüşüblər.
Sonra klubun üzvləri olan tələbələrdən Tərlan Aslanlı, Səma Quluzadə, Südabə Qarasaqqalova, Məhəmməd Qaravəliyev, Sevinc Ələkbərova Vətənə, Zəfər Gününə həsr olunmuş şeirləri səsləndiriblər.
Filialın Mətbuat Xidməti











































































































































